Вторник, 21.05.2024, 10:43
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0
Форма входа

Главная » 2018 » Март » 31 » HƏYATIN ACINACAQLI İMTAHANI
09:04
HƏYATIN ACINACAQLI İMTAHANI

HƏyatIN acINACAQLI İMTAHANI

     Və…nəhayət həmin gün gəldi.

    Baxımsız palatada xəstə qadının qışqırıqları eşidilirdi. Həkimlər həmin palataya doğru iri addımlarla irəlilədilər. Palataya çatanda qadının vəziyyəti ağır idi. Qadına bir seçim qarşısında olduğunu söylədilər. Qadın ya öz      həyatını seçib ömür boyu bunu etdiyinin peşmançılığını çəkəcək, ya da uşağına həyat verib özü bu dünyadan köçəcəkdi. Bu qərar qarşısında qalan qadının həyatı bir anlıq gözünün önündən lent yazısı kimi keçdi…

    Tərbiyəli və imkanlı ailədə doğulan Sevil elə ilk gündən ailəsinin sevincinə çevrilmişdi. Sevil ailəsinin tək övladı idi. O, böyüdükcə ailənin arzu və xəyalları da böyüyürdü. Ailəsi onun yaxşı yaşaması, oxuması üçün hər cür imkanı yaratmışdı. İşə getdikləri üçün Sevilin tək qalmasını istəməyən valideynlər dayə belə tutmuşdular. Valideynləri Sevilin nazını çəkir, hər istədiyini yerinə yetirirdilər.

    Nümunəvi ailədə böyüyən Sevil ən yaxşı universitetə qəbul olub ailəsinin fəxri olur. O,universitetə daxil olandan sonra onun həyatı özünün gözləmədiyi şəkildə dəyişməyə başlayır. Fikrini bir yerə toplaya bilmir, dərslərindən geri qalırdı. Bunun səbəbi var idi...

   Sevil yeməkxanada oturub kitab oxuyarkən qarşısına qoyulan isti çay onun gələcək soyuq günlərinin başlanğıcı oldu.

   Rövşən universitetin öndə gedən oğlanlarından biri idi. O,universitetin dəhlizində özünü sərbəst aparır, heç kimi saymırdı.Bu da başqa qızlar kimi Sevilin də diqqətini çəkdi. Rövşənin də  istəyi elə məhz bu idi: Sevilə özünü sevdirmək. O, Sevilin sadəlövlüyünü anlamışdı. Və bundan istifadə edib qızın həyatına daxil olur. Rövşənin həyatına girən qız təkcə Sevil deyildi. Onun həyatında Sevil kimiləri çox olmuşdu.

  Bir müddət sonra onlar gözlənilməz bir anda evlənmək qərarı alırlar. Və Sevil bu qərarını anasına deyir. Ailəsi Sevilin düzgün seçim edib-etməməsini yoxlamaq qərarina gəldi və öz fikirlərində haqlı olduqlarını gördülər. Rövşən onların ailəsinə uyğun deyildi. Bu qərar Sevilin heç xoşuna gəlmədi, öz hiss və duyğuları ilə hərəkət etdi. Və öz sevdiyi oğlanla qaçdı. Onun bu hərəkəti ailəsini çox sarsıtdı. Sevilin evdən getdiyi ilk gün atasının vəziyyəti pisləşdi və xəstəxanaya aparıldı. O, həyatının səhvini etdiyindən xəbərsiz idi. Sevgi onun gözünü elə tutmuşdu ki, valideynlərinin,yaxınlarının toyunda iştirak etməməsi  ona təsir belə etmirdi. Bu ona çox sonralar təsir edəcəkdi və o zaman gec olacaqdı...

  Evləndiyi andan Sevilin qara günləri başladı. Həyat yoldaşı evə gec gəlir, adi bir şey üçün Sevili döyür, təhqir edirdi. Sevilin xəyalındakı ailə bu deyildi. O artıq həyat yoldaşını tanıya bilmirdi. Hər gün evlərindən fəryad, qışqırıq səsləri gəlirdi. Qonşular bu səsdən narahat olurdu. Hətta qızın bu hıçqırıqlarına dözə bilməyən qonşular polisə xəbər vermişdilər. Ancaq Sevil qonşularının dediyini təkzib etmişdi. Onun bu cavabı hamını təəccübləndirmişdi. Sevilin həyat yoldaşı evdən çıxandan sonra qonşular əllərində bir qab yeməklə onu ziyarətə gəlir, halını soruşurdular. Sevil nə qədər “yaxşıyam” desə də, görünüşü, halı dediyinin tam əksi idi.

  O artıq bu vəziyyətə dözə bilmirdi, valideynlərinə deməyə üzü olmadığından dərdini xalası ilə bölüşür. Xalası isə Sevilin valideynləri ilə danışır. Atası Sevili qəbul etmədiyini və o adlı övladı olmadığını deyir. Bu xəbəri eşidən Sevil artıq bir dayağı-ailəsi olmadığını başa düşür. Hər gecə günahlarının bağışlanması üçün Tanrıya dua edir. Çünki vaxtilə ailəsini eşitməmişdi.

  Günlərin bir günü polislər qapını döyür və Sevilə həyat yoldaşının pis vərdişlərinə görə həbs olunduğu xəbərini verirlər. Sevilin bədbəxtliyinin üzərinə yenisi əlavə olunur;  həmin günü ana olacağını öyrənir. Əlacsız qalan Sevil həll yolunu intihar etməkdə tapır. Lakin bətnindəki uşağı düşünərək bu fikrindən daşınır. Sevil işləmək məcburiyyətində qalır. Çox təəssüflər olsun ki, öz sahəsinə görə iş tapa bilmir və xəstəxanaların birində xadimə işləməli olur. Sevil aldığı maaşla ancaq kirayə pulunu ödəyə bilir.

  Beləliklə, günlər,aylar keçir, Sevilin vəziyyəti ağırlaşmağa başlayır. Qonşuların köməyi ilə Sevil xəstəxanaya yerləşdirilir, vəziyyətinin ağır olduğunu öyrənir. Sevil 2 seçim qarşısında qalır: ya öz həyatını seçib yeni iş quracaq, bəlkə də ailəsi ilə barışa biləcəkdi, ya da övladının gələcəyi üçün öz həyatından imtina edəcəkdi. Sevil hər bir Azırbaycan anası kimi övladının gələcəyi üçün öz canından keçir. Bu qərar onun həyatında ən doğru qərar idi.Sevil qonşularına vəsiyyət edir ki, əgər ona nə isə olsa, uşağın adını qız olarsa Əsmər, oğlan olarsa Məğrur qoysunlar. Körpəyə ən yaxşı dövlətin baxacağına inanaraq, körpəni dövlətə həvalə edir. Sevil əməliyyat otağına  aparıldı. Əməliyyat uzun çəkdi, Məğrur dünyaya gəldi. Ana uşağını qucağına alıb qulağına ilk və son dəfə laylasını deyir: 

                              Lay-lay dedim, ağlama

                              Ürəyimi dağlama                                                                                                                                                                                                     

                              Böyü, bir qoç igid ol

                              Mənə ümid bağlama.

  Bunu deyib gözlərini əbədi olaraq yumdu. Gözündən son bir damla yaş süzüldü.

  Aradan illər keçdi. Anasının ölümündən sonra 7 saylı uşaq evinə verilən körpə Məğrur illərlə, aylarla, günlərlə yox saatlarla böyüyürdü. Həyat onu tez böyütmək istəyirdi, sanki başına gələcəklərdən xəbərdar idi.

  Məktəb yaşı çatan Məğruru uşaq evinin müəllimləri gül-çiçəklə yola saldılar. Həyəcanlanan Məğrur dedi:

-Sizdən ayrılmaq mənim üçün çətin olmayacaqmı?

  Müəllimlərdən biri:

-Narahat olma, oğlum.Orada da səni doğma anan kimi sevəcək müəllimlərin olacaq.

  Məğrur məktəbə getdiyi ilk gündən çoxlarından seçildi: çalışqanlığı, xarici görünüşü, dəcəlliyi ilə.

 Orta məktəbi yaxşı oxuyan Məğrurun yuxarı siniflərdə zəifləməsi müəllimlərinin təəccübünə səbəb olmuşdu. Onun fikrinin dağınıq olmasının səbəbi paralel sinifdə oxuyan Leyla idi. Məğrurun Leylaya olan sevgisi qarşılıqlı idi. Leylanın ona olan sevgisi həyata olan baxışını dəyişir, dərslərində irəliləməyə başlayır, Məğrur qarşısına məqsəd qoyur ki, hərbçi olub vətəni qorusun. Müəllimlər onun universitetə qəbul olmayacağını düşünürdülər. Lakin Məğrur universitetə-Hərbi Akademiyaya qəbul olur.

  Onun vətən sevgisi universiteti qurtarmağa imkan vermir. Məğrur dar gündə vətəni yalnız buraxmır, universiteti yarımçıq qoyub könüllülər sırasına adını yazdırır və vətən uğrunda mübarizədə iştirak etmək istəyini bildirir. Məğrurun bu istəyi nəzərə alınır, o, hərbi xidmətə çağrılır. O, bütün dostları ilə görüşür,

anasının qəbrini  ziyarət edir. Məğrurun telefonu yox idi. Son dəfə Leyla ilə görüşüb vidalaşmaq üçün dostunun telefonundan ona zəng edir. Ancaq Leyla universitetdə-dərsdə olduğu üçün telefonu söndürmüşdü. Buna görə də Məğrur son bir məktub yazıb ən güvəndiyi dostuna verir ki, məktubu Leylaya çatdırsın. Məktubda isə belə yazırdı:

  Salam sevgili! Könül istərdi ki, bu sözləri sənin üzünə deyim, lakin qismət belə imiş. Ürəyimdə sənə deyiləsi o qədər söz var ki, bu vərəqə çox az hissəsini sığdıra bilirəm.

  Səni gördüyüm o ilk gün ki var, həyatımda yeni bir səhifə açıldı sanki. Özümü yeni doğulmuş kimi hiss ettim. Sənin siman gözümün önünən getmirdi. Hər gözümü yumanda yaşıl gözlərin gözümün önünə gəlirdi, özümü cənnətdə hiss edirdim. Mənim gedəcəyim yerdə çox çətinliklər olacaq. Lakin mənim tək təsəllim sənə qovuşanda görəcəyim gülüşün, gözlərin, eşidəcəyim səsin olacaq. Mən səndən əvvəl belə deyildim. Sən mənim gülüşümü, ürəyimi, həyata olan baxışımı dəyişdin. Mən bundan heç narazı deyiləm. Yaxşı ki səni tanımışam, mənə bu hissləri yaşatmısan, yaxşı ki həyatımda varsan...

                              Sevgili! Götür bu şəklimi saxla yadigar,

                              Bəlkə də, bu şəklim sonuncu oldu.

                              Yolumu gözləmə, mən ki əsgərəm,

                               Bəlkə də, qismətim şəhidlik oldu.

  Sənə bu məktubu deyil, ürəyimi yollamaq istərdim, əllimi tutmanı istərdim, məktuba deyil, gözlərinə baxıb ‘‘ Səni sevirəm ” deməyi istərdim.

  Mən gedirəm, sevgili, məni gözləmə. Bəlkə, geri qayıda bilmədim, bəlkə də,  görüşə bilmədik. Əgər mənə nə isə olsa, ağlama, əksinə gül sevin, həyatına davam et. Bu mənim xəyalımdı, arzuladığım ölümdü. Xoşbəxt ol, çünki mən də xoşbəxt olacam. Məni unutma, sevgili, məni ürəyində yaşat. Mən səni unutmayacam, Leylam. “ Səni sevirəm”.    

  Məğrur bu məktubu yazdıqdan sonra cəbhəyə yola düşür. O, yolda olanda Leyla bu məktubu oxuyur,oxuduqca gözündən damla-damla yaş süzülürdü.

Ancaq bu yaşlar sevinc göz yaşları idi. O, fəxr edirdi. Fəxr edirdi ki, sevdiyi oğlan öz istəyi ilə ana vətəni qorumaq üçün cəbhəyə gedib. Leyla Məğruru yaxşı tanıyırdı. Bilirdi ki, o, vətən uğrunda son nəfəsinə qədər mübarizə aparacaq. Və lazım olsa, canından belə keçəcək.

  Leyla bu məktubu oxuyub düşünmədən qərar alır. Məğrursuz yaşaya bilməyəcəyini anlayıb ərizə yazır, arxa cəbhədə iştirak etmək istəyini bildirir. Bir həftə sonra onun istəyinin nəzərə alındığına dair məktub gəlir. Leyla hazırlaşıb arxa cəbhəyə gedir. Onun cəbhəyə getdiyindən Məğrur xəbərsiz idi.

  Dekabr ayı. Qış. N saylı hərbi hissə. Ümid dolu baxışlarla baxan gözlər. Çovğun, soyuq qılınc kimi kəsirdi, lakin əsgərlərin vətən sevgisi, mübarizliyi, ümidi və inamı onlara bu soyuğu hiss etdirmirdi. Onların tək hədəfi vətən uğrunda mübarizə aparıb işğal olunmuş ərazilərimizi düşməndən xilas etmək idi. Bu igid oğullardan biri də Məğrur idi. Onun düşmənə olan nifrəti bütün qəlbini bürümüşdü. Məğrur vətən uğrunda hər şeyi qurban verməyə hazır idi, canını belə.

  Artıq 2 aydır ki, hərbi xidmətdə olan Məğrur mərdliyi, vətənə olan sevgisi ilə hərbi komandirin və əsgər yoldaşlarının rəğbətini qazanmışdı. Bu əsgərlərin içərisində dərdini bölüşdüyü, onu anlayan, qardaş kimi gördüyü biri də var idi. Kənan. 1 ildir ki, hərbi xidmətdə olan Kənan heç kimi özünə yaxın bilmir, tənha gəzirdi. Ancaq Məğruru gördükdə doğma birini görmüş kimi oldu. Az vaxtda ünsiyyət qurdu, onunla sirdaş oldu.

  Gecə 2 radələri. Gecə üzərinə çökmüş ağır sükut. Yenicə yuxuya getmiş əsgərlər.

  Ermənilər bu vəziyyətdən istifadə edib atəşkəsi pozdu. Məğrur,  eləcə də başqa əsgərlər yuxudan oyanıb ana vətəni qorumaq üçün cəld silahlandılar və döyüş bölgəsinə getdilər. İgid oğullar şücaətlə vuruşurdular. Kənan da döyüşə davam edərdi, düşmənin atdığı güllə onu ölümcül yaralamasaydı. Dostunu qurtarmaq üçün Məğrurun əlindən heç bir şey gəlmirdi. Çünki kazarma uzaqda idi. O özünü çox çarəsiz hiss edirdi. Məğrur ən yaxın sirdaşını istirəcəyini bilirdi. O, cibindən dəsman çıxarıb Kənanın yarasına basdı və dedi:

-Bir az daha döz, dostum.

  Məğrur bu sözləri dedikcə gözlərindən damla-damla yaş süzülürdü. Kənan cibindən bir məktub çıxarıb:

  -Qardaşım, al bu məktubu ailəmə çatdır.

  Məğrur:

  -Sən ölməyəcəksən, bu məktubu ailənə özün verəcəksən.

  -Yox, Məğrur, yox.Hiss edirəm, mənə verilən vədə artıq dolub. Vətən sağ olsun.

  Bu sözləri deyən Kənan son dəfə vətənin qoxusunu içinə çəkib dünyadan köçdü. Məğrur dostunu qucaqlayıb bağrına basdı.

 Məğrur həyatda olan yeganə sirdaşını-Kənanı itirdikdən sonra düşmənə olan nifrəti daha da artmışdı. O, Kənanın cansız bədəninə baxdı, silahını götürüb ermənilərin cəbhəsinə doğru irəliləməyə başladı. Onun gözü heç kimi və heç nəyi görmürdü. O, çox istərdi ki, “ erməni ” adı yer üzündən silinsin. Və gözüyumulu qarşı tərəfə güllə açmağa başladı. Ermənilər  bunu gözləmədikləri üçün nə edəcəklərini bilmirdilər. Məğrur bundan istifadə edib dayanmadan atəş açdı. O, ermənilərin çox hissəsini güllələmişdi ki, çiynindən vuruldu. Məğrur vurulmasına baxmayaraq, atəşə davam edirdi. Lakin buna çox davam edə bilmədi, yerə yıxıldı. Məğrur sürünərək bir yerə çıxdı. Onu bir ailə görüb kazarmaya apardı. Leyla Məğruru görəndə gözlərinə inanmadı. Amma özünü itirmədi, Məğrura tərəf qaçdı. Onun yarasına baxdı. Məğrur çox qan itirmişdi. Leyla ilə onun qan qrupu eyni idi. O düşünmədən həkimə yaxınlaşıb Məğrura qan vermək istədiyini bildirdi. Həkim Leyladan Məğrura qan köçürdü.

  1 gün keçdi... Leyla Məğrurun başında gözləyir,  onu elə gördükcə ürəyi parçalanırdı. Səhər Leyla Məğrurun üzündən öpür, göz yaşı onun üzünə damlayır. Bunu hiss edən Məğrur gözlərini açır. Leylanı görəndə gözlərinə inanmır, xəyal olduğunu zənn edib gözlərini yumur-açır. Bunun bir xəyal və  yuxu olmadığını anlayır.

  Leyla Məğrurun oyandığını görüb çox sevinir,  sevincindən ağlayır. O, Məğruru göz yaşları içərisində qucaqlayır. Onlar bir az söhbət edirlər.

  Məğrur “ Əgər birdən ... birdən qayıtmasam, dönməsəm belə qəbrimə gəlib ağlama... Məzarımı öp, qucaqla, amma ağlama. Çünki mən ölməyəcəyəm, əbədiyyətə qovuşacağam ”-deyib ayağa qalxır, yarımçıq işini tamamlamaq istəyir.

  Aprel ayının əvvəlləri idi. Qoşunların təmas xəttində Ermənistan silahlı birləşmələrinin növbəti təxribati oldu. Təxribatın qarşısını alarkən şəhid olan əsgərlər arasında Məğrur da vardı.

  Məğrurun Azərbaycan bayrağına sarılmış tabutunu xalq hüznlə qarşıladı.

  Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli  medalla təltif edildi. Onun medalı böyüdüyü 7- saylı uşaq evinin rəhbərliyinə təqdim olundu.

  Bu vətən yolunda o, şəhid oldu. Bu torpaq uğrunda canından keçdi. Bir aprel günündə qəhrəman oldu.

 

 

 

 

 

Просмотров: 315 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 Brandonunlon  
0
drug recovery programs <a href=""> https://forums.dieviete.lv/profils/127605/forum/ </a> best herbal grinder

Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Март 2018  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz