XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ
"Bütövlükdə Azərbaycan xalqına qarşı
yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz
qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər
tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni
zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."
Heydər Əliyev
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli
səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər
Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına
müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq
tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində
erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə
məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına,
məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi
qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik
torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə
Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz
düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında
yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan
monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan
hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı
sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on
minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi
torpaqlarından didərgin düşməsi ilə nəticələndi.
Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan
dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və
vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı
soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin
sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa,
bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı
əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir
sırada dayanır.
|