Среда, 22.05.2024, 06:02
Приветствую Вас Гость | RSS

Мой сайт

Меню сайта
Наш опрос
Оцените мой сайт
Всего ответов: 168
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Форма входа

Главная » 2013 » Апрель » 24 » Zərifə xanım Əliyeva
17:22
Zərifə xanım Əliyeva

 

                                                          Ömür Yolu

Bu dünyaya vida deyib sənətindən, peşəsindən asılı olmayaraq, xatirələrdə yaşayan insanları zaman-zaman xatırlamaq adəti, nə yaxşı ki, hələ qalıb. Bu adət xatırlanan şəxsin timsalında bizə bir millət, bir xalq kimi nələrə qadir olmağımızın, kimlərlə təmsil edilməyimizin qürurunu yaşatmaqla bərabər, həm də çağdaş dövrdə və bundan sonra da özümüzə bir qədər kənardan baxmaq, özümüzü dəyərləndirmək imkanı yaradır.

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 23-cü ilin yazı dövrünün görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində onilliklər sonra ailənin adını daha da ucalıqlara qaldıracaq, Vətənə layiqli övlad olacaq, xalqına xidməti hər şeydən ümdə biləcək parlaq bir simanın gəlişi ilə yaddaqalan olmuşdu. Atası Əziz Məmmədkərim oğlu Əliyev və anası Leyla Cabbar qızı Abbasova əbədi və əzəli torpağımız olan İrəvan mahalında anadan olmuşlar. Azərbaycanlılara qarşı şüurlu surətdə həyata keçirilən soyqırım siyasəti Əziz Əliyevi 1918-ci ildə Sankt-Peterburqdakı təhsilini yarımçıq qoyub İrəvanda təqiblərə məruz qalan ailəsini Şahtaxtı kəndinə köçürməyə məcbur edir. Məhz burada Zərifə xanım dünyaya göz açır. 1923-cü ilin may ayında Əziz Əliyev Bakıya köçmək qərarına gəlir. Məqsəd tamamilə aydın idi. Ağır bir dövrdə İrəvan gimnaziyasını qızıl medalla bitirən, təhsildə böyük uğur əldə edən Əziz Əliyev yarımçıq qalmış təhsilini hökmən bitirməli idi. Bakıda o, universitetin tibb fakültəsini, sonra isə aspiranturanı bitirərək elmlər namizədi olur. Qısa bir zaman çərçivəsində o, doktorluq dissertasiyasını da müdafiə edir. 1929-cu ildə 32 yaşlı Əziz Əliyev Azərbaycan Səhiyyə Komissarlığında səhiyyə komissarının müavini vəzifəsində çalışır.

Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.

Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir . 1949-cu ildən başlayaraq Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir. Zərifə xanım tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən – sintomisindən istifadə olunmasına həsr edir.. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Uğurlu tədqiqatların nəticələri Z.Ə.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi «Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi» mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.

1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona «Oftalmologiya» ixtisası üzrə böyük elmi işçi adı vermişdir.

1967-ci ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı.

1968-ci ildən başlayaraq Z.Ə.Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başladı.

Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Z.Ə.Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Z.Ə.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. 1977-ci ildə professor Z.Ə.Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması barədə professor Z.Ə.Əliyevanın irəli sürdüyü təşəbbüsü bəyəndi. Elmi araşdırmalar nəticəsində Z.Ə.Əliyeva bir neçə monoqrafiya, o cümlədən «Şin istehsalında gözün peşə patologiyası», «Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya», «Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası» monoqrafiyalarını çap etdirdi. Bu əsərlər dünyanın elmi ictimaiyyətinin etimadını qazandı.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.

1983-cü ildə Z.Ə.Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndiHəmin dövrdə Zərifə xanım qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunmuş maraqlı tədqiqatlar aparmışdır. Gərgin və gərəkli tədqiqatlar nəticəsində o, bir sıra elmi məqalələr və iki monoqrafiya – «Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası» və «Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi» monoqrafiyalarını çap etdirmişdir.

Zərifə xanım Əliyeva fundamental «Terapevtik oftalmologiya» kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır.

Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.

Akademik Z.Ə.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O həm də «Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi.

Z.Ə.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.

Bütün bu elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb – ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Deyirlər, ana övladını özündən də çox istəyir. Tanrının bəxş etdiyi övladlarına qarşı Zərifə xanım məhz belə ana idi. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı, ümummilli liderimiz, əbədi prezidentimiz Heydər Əliyev gərgin fəaliyyətlə məşğul olan, həyatını bütövlükdə Azərbaycana həsr edən böyük şəxsiyyət kimi yorulmadan müqəddəs amallar yolunda öz qüvvəsini əsirgəmirdi.

Təəssüf ki, müstəqil Azərbaycanımızın bu gününü görə bilmədi Zərifə xanım. Ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. Sarsıldı, həyatı qədər sevdiyi Zərifə xanımı itirdi, onun yoxluğu ilə heç cür barışa bilmədi. Bir azca qəddi də əyildi, amma sınmadı. Yaşadı...

Qəlbində olan Azərbaycan sevgisi onu yaşatdı. Çünki O, Azərbaycan üçün lazım idi. Dərin bir uçuruma yuvarlanan Azərbaycanı ancaq o xilas edə bilərdi. Xilas etdi də. Qalan ömrünü odlar yurdunun rifahı naminə fəda etdi. Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəmədi. Lakin həmişə onun ruhunu yanında hiss etdi, ondan güc-qüvvə aldı. 2003-cü il dekabrın 12-də Zərifə xanımın kədərli baxışlarına bir sevinc bəxş etdi. Enişli-yoxuşlu yollarda birgə addımladığı ömür-gün yoldaşına qovuşdu. Bir-birlərinə qovuşduqları üçün sevindilər. Amma arxada gözü yaşlı milyonlarla insan qaldı...

Просмотров: 408 | Добавил: mekteb | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Поиск
Календарь
«  Апрель 2013  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Copyright MyCorp © 2024
Сделать бесплатный сайт с uCoz